İnternetdə domen adlar
İnternetdə domen adlar
Internetə qoşulmuş kompüterlər arasında qarşılıqlı əlaqəni təmin etmək üçün onların hər birinin xüsusi, təkrarlanmayan nömrəsi olmalıdır. Şəbəkədə hər bir kompyuterin nömrəsi bir birlərindən nöqtə ilə ayrılan dörd ədəddən ibarətdir. Məsələn: 230.128.13.40 Bu cür nömrələnmə IP-ünvan (IP stands for "Internet Protocol") adlanır. IP ünvanları yadda saxlamaq, işlətmək çətin olduğuna görə onları xüsusi adlarla əvəz etmişlər ki, bu adlar domen adlar adlanır və onları yadda saxlamaq daha asandır. Nəzərə alsaq ki, orta yaddaşa malik insan 10-15 İP ünvan yadda saxlamaq qabiliyyətinə malikdirsə, domen ad şəklində o, yüzlərlə ünvan yadda saxlaya bilər. Kompüterin İP ünvanını domen ünvanla əvəz edən və əksinə, domen adları İP-ünvanlara çevirən system Domen Adlar Sistemi (Domain Name Sistem, DNS) adlanır. Domen – DNS-də domen adları fəzasının mərkəzləşdirilmiş inzibatlaşdırılan sahəsidir.
Adlar zonasının müəyyənləşdirilməsi məsələsi ilə Internetdə ən yuxarı səviyyədə ABŞ hökuməti qarşısında məsuliyyət daşıyan ICANN (The Internet Corroration for Assigned Names and Numbers) adlı təşkilat məşğuldur. İCANN – Internetdə adlar və İP ünvanlar üzrə Baş Qeydiyyat Korporasiyası (www.icann.org) olub, milli – ccTLD (.az, .ru, .us və s.) və funksional – gTLD (.com, .org, .net, .info və s.) zonalarda domenlərə nəzarət edən – domen adları və İP ünvanları bölüşdürən və tənzimləyən Beynəlxalq təşkilatdır.
Göründüyü kimi, hər bir ölkə adına uyğun xüsusi domenə malikdir. Məsələn, AZ – Azərbaycanın Internetdə qəbul edilmiş və BMT-nin Beynəlxalq Standartlar Qurumu tərəfindən təsdiq edilmiş domenidir. Almaniyada milli domen – DE, Rusiyada – RU, Amerikada – US, Türkiyədə – TR və s.Funksional domenlər İnternet resursunun fəaliyyətindən asılı olaraq müəyyən edilir: kommersiya saytları – COM, rəsmi dövlət saytları – GOV, təşkilat saytları – ORG, hərbi mövzuda saytlar – MİL, təhsil haqqında saytlar – EDU, və s. kimi adlandırılırlar. Funsional domenlərin paylanması ilə əvvəllər yalnız InterNic Beynəlxalq təşkilatı məşğül olurdusa, 1999-cü ildən domen adların qeydiyyatdan keçirilməsi ilə dünyada bir çox nüfuzlu təşkilatlar məşğul olmağa başladılar : GO DADDY, ENOM, NETVOC SULİDATİON və s.Milli domenlərin qeydiyyatı isə hər bir ölkənin öz ixtiyarına verilmişdir. Məsələn, Türkiyədə Internet adlarının qeydiyyatı ilə Orta Doğu Texnik Universetində kollegial qurum (www.metu.edu.tr) məşğul olur, Rusiyada bu işlə Ictimai Kompyuter Şəbəkələrinin Inkişafı üzrə kollengial qurum (www.ripn.ru), Ermənistanda isə bu işlə Internet Society Armenia (www.am/am.html) təşkilatı məşğuldur. Azərbaycanda isə AZ domeni ilə bağlı qeydiyyatları İNTRANS şirkəti həyata keçirir.Son illərdə Azəbaycanın İnternet məkanında çoxlu sayda saytların yaradılması, eləcə də yeniləşməsi müşahidə olunur. Nəinki ayrı-ayrı təşkilatlar, eyni zamanda fiziki şəxslərin də öz fərdi saytlarının və səhifələrinin yaradılması xeyli çoxalmışdır. 2007-ci il noyabr ayının məlumatına görə AZ domeni altında artıq 5500 sayt mövcuddur.
Ələkbərova İradə, İnformasiya Texnologiyaları İnstitutu


